XƏBƏRLƏR

Azərbaycanın TIER III səviyyəli regional Data Mərkəzinə potensial müştərilər üçün məlumat turlar təşkil edilir

2017.04.21

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “AzInTelecom” MMC xüsusi və potensial müştərilər üçün Regional Data Mərkəzinə məlumat turlarının təşkilinə başlayıb.

Turlar çərçivəsində müştərilərə Data Mərkəzinin xidmətləri, mərkəzin avadanlıq və proqram təminatları, məlumatların təhlükəsiz şəraitdə mühafizəsi, təhlükəsizlik risklərinin minimuma endirilməsi barədə müfəssəl məlumatlar veriləcək.

Turlarla bağlı ətraflı məlumat əldə etmək üçün (012) 200 01 27 nömrəsindən və ya sales@azintelecom.az ünvanına müraciət edə bilərsiniz.

TIER III və ISO 20000 beynəlxalq sertifikatlarına malik regional Data Mərkəzində bulud texnologiyalarına əsaslanan “İnfrastruktur xidmət kimi” (İaaS) həllər (virtual şəbəkə, virtual saxlama, virtual infrastruktur, “backup” və digər) təklif edilir.

Büdcə xərclərinin optimallaşdırılması və idarəetmənin avtomatlaşdırılmasına yönələn İaaS xidmətləri potensial müştərilərinə texniki avadanlıq və proqram təminatlarının alınması, quraşdırılması, texniki istismarı üçün vəsait xərcləmədən məlumat itkisi ilə bağlı riskləri minimuma endirən etibarlı infrastruktur əldə etmək imkanı yaradır.

Ümumilikdə 700 m2 sahəyə malik olan Data Mərkəzi müştərilərini 99,982 % etibarlılıq səviyyəsi ilə təmin edir. Data Mərkəzində 24/7 müştəri xidmətləri və 24/7 nəzarət olunan Şəbəkə İdarəetmə Mərkəzi mövcuddur.

Yüksək səviyyədə keyfiyyətli xidmətin təmin edilməsi məqsədilə mərkəzdə dünya nəhəngləri, məşhur HP, RADWARE, PALOALTO və CİSCO şirkətlərinin avadanlıqları və proqram təminatı quraşdırılıb.

“AzInTelecom” haqqında

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tabeliyində fəaliyyət göstərən, yeni nəsil telekommunikasiya şirkəti olmağı və müştərilərini yüksək keyfiyyətli xidmətlə təmin etməyi özünə hədəf seçən “Azerbaijan International Telecom” (AzInTelecom) strategiyasını nüfuz, etibarlılıq və şəffaflıq kimi fundamental dəyərlər əsasında formalaşdırıb. “AzInTelecom” MMC-nin fəaliyyət istiqamətləri Azərbaycan və xarici ölkələr arasında mübadilə olunan beynəlxalq trafikin analizi, Azərbaycana idxal olunan telekommunikasiya vasitələrinin sertifikatlaşdırılması və bulud üzərindən data xidmətlərinin təqdim edilməsindən ibarətdir.

Trafikin analizi xidməti çərçivəsində Azərbaycan Respublikası ilə dünya ölkələri arasında mübadilə olunan yüksək keyfiyyətli beynəlxalq telekommunikasiya xidmətlərinin alternativliyi təmin edilir, daha həcmli və müasir xidmətlər təqdim edilir. Trafik analizinin optimallaşdırılması məqsədi ilə “AzInTelecom” MMC-nin nəzdində yaradılmış IP əsaslı Beynəlxalq Kommutasiya Mərkəzi (IMS) giriş və çıxış zənglərinin monitorinqinin təkmilləşdirilməsini, IP əsaslı daxili səs kanallarının təşkilini və bütün birbaşa istiqamətlərdə alternativ arabağlantını təmin edir.

Sertifikatlaşdırma xidmətləri telekommunikasiya vasitələri və qurğularının texniki səviyyələrinin müəyyənləşdirilməsi və artırılması, keyfiyyətli məhsulun alınmasında konsaltinq xidməti, eləcə də, daxili bazarda rəqabət üçün müəssisə və təşkilatların fəaliyyətinə lazımi şəraitin yaradılmasına imkan verir.

“İnfrastruktur xidmət kimi” (İaaS) xidmətləri ISO 20000 və “Uptime İnstitute” tərəfindən “TIER III” sertifikatları ilə təltif olunan yeni yaradılmış Regional Data Mərkəz vasitəsi ilə yerli və beynəlxalq qurumlara infrastruktur xidmətləri göstərməyə qadirdir.