XƏBƏRLƏR

“AzInTelecom” “GoldenPay” şirkəti ilə əməkdaşlığa başlayır

2017.03.03

Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “AzInTelecom” MMC yerli onlayn ödənişlər bazarında ən böyük şirkət olan “GoldenPay” ASC ilə əməkdaşlıq haqqında müqavilə imzalayıb.

Yeni nəsil telekommunikasiya şirkəti olmaq və müştərilərinə yüksək keyfiyyətli xidmət göstərməyi özünə hədəf seçən “AzInTelecom” istifadəyə verilmiş TIER III və İSO 20000 beynəlxalq sertifikatlarına malik Data Mərkəzində bulud texnologiyalarına əsaslanan “İnfrastruktur xidmət kimi” (IaaS) həllər (virtual şəbəkə, virtual saxlama, virtual infrastruktur, “backup” və digər) təklif edir.

Artıq bu həllər   yerli və xarici şirkətlərin marağını özünə cəlb etməyə başlayıb. Belə ki, Azərbaycanın onlayn ödənişlər şirkəti olan “Goldenpay” özünün www.hesab.az ödəniş portalının “AzInTelecom”-nun Data Mərkəzində yerləşdirilməsi haqqında razılığa gəlib.

Müqaviləyə əsasən, kənardan daxil olan kibertəhdidlərin qarşısının alınması,  məlumatlar bazasının mühafizəsi, məlumat itkisi ilə bağlı risklərin minimuma endirilməsi və  informasiya təhlükəsizliyi təmin ediləcək.

Bundan əlavə, hazırki müqavilə ilə “Goldenpay” texniki avadanlıq və proqram təminatlarının alınması, quraşdırılması, texniki istismarı üçün vəsait xərcləmədən etibarlı infrastruktur əldə edəcək. Bu da öz növbəsində, digər maliyyə xərclərinə və vaxt itkilərinə qənaət olunmasına imkan yaradacaqdır.  

Hazırda müştərilərinə 100-dən artıq   xidməti təklif edən www.hesab.az   Azərbaycan bazarında onlayn ödənişlər üçün ən etibarlı platforma olaraq tanınır. Yüz minlərlə insan bu xidmətlərdən müntəzəm olaraq  istifadə edir və bu rəqəm hər gün artmaqdadır. Əsas hədəfi bütün onlayn ödənişlərin icra edildiyi vahid platformaya çevrilmək olan GoldenPay bütün əməliyyatları şifrələmək və məlumatların təhlükəsizliyini təmin etmək üçün onlayn əməliyyatların şifrlənməsi sahəsində dünya lideri olan GeoTrust-dan istifadə edir.

”Onlayn əməliyyatların sayı bu qədər yüksək olduğu üçün  mübadilə olunan məlumatların təhlükəsizliyi və məxfiliyi   əsas şərtdir. Həssas məlumatların təhlükəsiz yerdə qorunub-saxlanması şirkətimiz üçün son dərəcə mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan, “Goldenpay”-in  “AzInTelecom”  ilə əməkdaşlıq etməsi heç də təsadüfi deyil”- deyə “Goldenpay” şirkətinin nümayəndəsi qeyd edib.