XƏBƏRLƏR

“AzInTelecom” şirkəti yeni loqotip və rənglərini təqdim edir.

2016.12.05

Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “AzInTelecom” MMC restrukturizasiyanın nəticəsi  olaraq rebrendinq prosesini yekunlaşdıraraq yeni loqotip və korporativ rənglərini geniş ictimaiyyətə təqdim edir.

Yeni nəsil telekommunikasiya şirkəti olmaq və müştərilərinə yüksək keyfiyyətli xidmət göstərməyi özünə hədəf seçən yenilənmiş “AzİnTelecom”, şirkət strategiyasını nüfuz, etibarlılıq və şəffaflıq kimi fundamental dəyərlər ətrafında formalaşdırıb. Şirkətin yeni loqotipi və korporativ rənglərinin yaradılması prosesində adları çəkilən prinsiplər əsas meyarlar kimi seçilərək şirkətin missiyası və gələcəkyönümlü planlarına uyğunlaşdırılıb.

Ən son dövri texnologiyalardan istifadə etməklə ən keyfiyyətli telekommunikasiya xidmətlərini göstərməyi özünə məqsəd bilən “AzInTelecom” şirkətinin 3 əsas fəaliyyət istiqaməti mövcuddur. Bunlar Azərbaycan və xarici ölkələr arasında mübadilə olunan beynəlxalq səs trafikinin analizi, TIER III və İSO 20000 beynəlxalq sertifikatlarına malik Data Mərkəzi nəzdində infrastruktur əsaslı xidmətlər və Azərbaycana idxal olunan telekommunikasiya vasitə və qurğularının sertifikatlaşdırılmasıdır.

Sözügedən istiqamətlər üzrə xidmət səviyyəsinin artırılması və keyfiyyət göstəricilərinin maksimal həddə çatdırılması üçün yeni nəsil texnologiyaları şirkətin fəaliyyətinin bütün sahələrində tətbiq olunub. Daim inkişafda olan İKT sahəsinin ən son yeniliklərini, ən müasir texnologiyalarını işimizdə tətbiq etmək və müştərilərimizə ən keyfiyyətli xidmət və təklifləri vermək üçün cavan və istedadlı komandamız həftənin yeddi günü, günün 24 saatı daimi axtarışdadır.    

Bu baxımdan, AzİnTelecom-un ənənəvi fəaliyyət istiqamət olan beynəlxalq səs trafikinin optimizasiyası məqsədilə müasir bulud əsaslı İMS platforması üzərindən qurulmuş IP əsaslı Beynəlxalq Kommutasiya Sisteminin  istismara verilməsi ölkə daxili və beynəlxalq mobil və sabit  telekommunikasiya operatorları ilə ən müasir texnologiyalar əsasında texniki arabağlantı yaradılmasına imkan verir. İMS sistemi  şəbəkəyə məhdudiyyətsiz kommutasiya imkanı, mobil və sabit şəbəkələr üzrə nömrə daşıma sistemlərinin tətbiqi, müxtəlif infrastruktur və virtuallaşdırma sistemləri ilə uzlaşma, hətta müştərilərə müxtəlif multimedia və yeni nəsil xidmətlərinin (IP TV, videokonfrans, virtual İPPBX xidməti və s.) təqdim edilməsi imkanı yaradır.

“AzInTelecom”un digər xidməti olan Sertifikatlaşdırma telekommunikasiya vasitələri və qurğularının texniki səviyyələrinin müəyyənləşdirilməsi və artırılması, keyfiyyətli məhsulun alınmasında konsaltinq xidməti, eləcə də, daxili bazarda rəqabət üçün müəssisə və təşkilatların fəaliyyətinə lazımi şəraitin yaradılması xidmətini göstərir.

2016-cı ilin sonunda tam şəkildə istismara verilməsi planlaşdırılan və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.10.2015-ci il tarixli 314 saylı qərarı  ilə Azərbaycan Respublikasında mühafizə olunmalı, həyat təminatlı və mühüm əhəmiyyətli obyektlərin siyahısına daxil edilən “AzInTelecom” MMC-nin Data Mərkəzində bulud texnologiyalarına əsaslanan ”İnfrastruktur xidmət kimi” həllərini təklif etmək imkanları olacaq (virtual şəbəkə, virtual saxlama, virtual infrastruktur, “backup” və digər).  

Bu biznes modelləri dünyada aparıcı rol oynayan Google, Microsoft və Amazon kimi şirkətlərin “Data Mərkəz”lərində tətbiq olunmaqla büdcə xərclərinin qənaəti, mərkəzləşmə və asan idarəetmə prinsipləri əsasında qurulub. “AzİnTelecom”-un Data Mərkəzi Almaniyanın bu sahədə ixtisaslaşmış “New Telco” şirkəti tərəfindən inşa edilmiş, dünya üzrə Data Mərkəzlərin sertifikatlaşdırılması üzərində mütəxəssisləşən ABŞ-ın “Uptime Institute” təşkilatı tərəfindən uğurla test sınaqlarından keçərək TİER III səviyyəli beynəlxalq sertifikatla 2016-cı ilin sentyabr ayında təltif olunmuş, eləcə də, İT xidmətlərin idarə olunması üzrə beynəlxalq standart hesab olunan İSO 20000 sertifikatını carı ilin noyabr ayında əldə etmişdir. Bütün qeyd olunan nailiyyətlər Data Mərkəzdə yerləşdiriləcək olan məlumatların təhlükəsiz, səmərəli və etibarlı şəkildə qorunmasına zəmanət verir.

Data Mərkəzin məhz Azərbaycanda istifadəyə verilməsi ölkədə İKT sahəsinin inkişafına təkan olmaqla yanaşı müasir bulud texnologiyalarının dövlət idarəçilik sisteminə inteqrasiyasına və Azərbaycanın regionun məlumat mərkəzinə çevrilməsinə şərait yaradacaqdır.