3. Termin və anlayışlar Bu Qaydalarda İSO MEK 2 rəhbər sənədlərinə, İSO 8402-86 beynəlxalq standartına, həmçinin rabitə sistemində işlədilən terminlərə uyğun gələn aşağıdakı anlayış, termin və müddəalardan istifadə edilmişdir:
• uyğunluğun sertifikatlaşdırılması — lazımi tərzdə eyniləşdirilmiş məhsulun, prosesin və xidmətin konkret standarta və ya digər normativ sənədə uyğunluğunu inamlı şəkildə sübut edən üçüncü tərəfin fəaliyyəti;
• məcburi sertifikatlaşdırılma — səlahiyyətli orqan tərəfindən məhsulun (prosesin, xidmətin) məcburi normativ sənədlərə uyğunluğunun təsdiq olunması;
• könüllü sertifikatlaşdırma — istehsalçının (icra edicinin), satıcının (təminatının), istehlakçının (istehlakçılar cəmiyyəti və ittifaqının), həmçinin dövlət orqanlarının (bundan sonra — Sifarişçi) istəyi ilə könüllü sertifikatlaşdırılma;
• normativ sənəd — standart, sanitar normaları və qaydaları, yaxud məhsula və xidmətlərə, həmçinin onların keyfiyyətinin təyin olunması metodlarına tələbləri özündə birləşdirən sənəd;
• beynəlxalq standart — standartlaşdırma ilə məşğul olan və genişmiqyaslı istehlakçı təbəqəsi üçün mümkün olan beynəlxalq təşkilatlar tərəfindən qəbul olunan standart;
• milli standart — standartlaşdırma üzrə milli orqan tərəfindən qəbul edilmiş və geniş istehlakçı dairəsinə yararlı olan standart;
• keyfiyyət sistemi — keyfiyyət üzərində ümumi rəhbərliyin həyata keçirilməsini təmin edən təşkilati strukturların, cavabdehliyin, prosedurların, proseslərin və ehtiyatların birləşməsi;
• uyğunluq haqqında məlumat — məhsulun, proses və xidmətlərin konkret standarta və ya digər normativ sənədə uyğunluğunu göstərən məhsulun mal gətirənin tam cavabdehliyi altında olan ərizə;
• sertifikatlaşdırma sistemi — uyğunluq sertifikatlaşdırılması aparmaq üçün xüsusi üsullara və idarəetmə qaydalarına malik olan sistem;
• həmcins məhsulların (proseslərin və xidmətlərin) sertifikatlaşdırılması sistemi — eyni konkret standartlar və qaydalar, eyni prosedur tətbiq olunan müəyyən məhsulun, prosesin və ya xidmətin sertifikatlaşdırılması sistemi;
• sertifikatlaşdırma orqanı — uyğunluq sertifikatlaşdırılması aparan orqan;
• uyğunluq sertifikatı — sertifikatlaşdırma sisteminin qaydalarına müvafiq surətdə nəşr edilmiş, lazımi tərzdə eyniləşdirilmiş məhsul, proses və xidmətin konkret standarta və ya digər normativ sənədə uyğun olduğuna zəruri əminliyin təmin edildiyini göstərən sənəd;
• uyğunluq nişanı — məhsulun, prosesin, yaxud xidmətin təsdiq edilmiş tələblərə uyğunluğunu göstərən, sertifikatlaşdırma sisteminin qaydalarına uyğun verilən və tətbiq edilən, müəyyən olunmuş qaydada qeydiyyata alınan nişan;
• sertifikatlaşdırma sisteminin üzvü — sistemi idarə etməkdə imkanı olan və verilən sistemə uyğun fəaliyyət göstərən sertifikatlaşdırma orqanı;
• akkreditasiya — sertifikatlaşdırma üzrə hər hansı bir fəaliyyətin həyata keçirilməsinin rəsmi tanınması;
• akkreditasiya olunmuş sınaq laboratoriyaları — konkret məhsul (proses, xidmət) növlərinin, yaxud konkret sınaqların keçirilməsi səlahiyyətləri rəsmi tanınmış sınaq laboratoriyaları;
• təhlükəsizlik — ziyan vermək təhlükəsi ilə bağlı riskin olmaması;
• ətraf mühitin mühafizəsi — ətraf mühitin məhsulun, prosesin, yaxud xidmətin xoşagəlməz təsirlərindən mühafizəsi;
• istehsalın sertifikatlaşdırılması — sertifikatlaşdırma orqanı və ya səlahiyyət verilmiş digər orqanlar tərəfindən bu və ya digər məhsulun (xidmətin) istehsal zamanı normativ sənədlərdə nəzərdə tutulmuş stabilliyinin təmin olunmasının rəsmi təsdiqlənməsi;
• təftiş nəzarəti — sertifikatlaşdırma üzrə akkreditasiya olunmuş orqanların, sınaq laboratoriyalarının, həmçinin sertifikatlaşdırılmış məhsulun fəaliyyətinə və istehsal prosesinə nəzarət;
• sifarişçi — sertifikatlaşdırma orqanına hər hansı bir konkret məhsul növünün sertifikatlaşdırılması üçün ərizə ilə müraciət edən müəssisə, orqan, hüquqi və fiziki şəxs;
• ekspert-auditor — sertifikatlaşdırma sahəsində bir və ya bir neçə növ işlərin keçirilməsinə səlahiyyəti olan attestasiyadan keçmiş şəxs;
• sertifikatlaşdırma sxemi — uyğunluq sertifikatlaşdırılmasının keçirilməsində üçüncü tərəfin fəaliyyətinin ardıcıllığı və tərkibi;
• rabitə vasitələrinin uyğunluq sertifikatı — qarşılıqlı əlaqədə olan rabitə şəbəkələrində (QRŞ) tətbiq edilən rabitə vasitələrinin (RV) qoyulan texniki tələblərə uyğunluğunu və xətasız istifadə edilməsini təsdiq edən sənəddir; qurğularının
• telekommunikasiya vasitələri və qurğularının sertifikatlaşdırma nişanı — telekommunikasiya vasitələri və sertifikatlaşdırılması qaydalarına əsasən verilmiş və yaxud tətbiq olunan nişan olub, məhsulun sertifikatlaşdırmadan keçdiyini və konkret standarta və ya normativ sənədlərə uyğunluğunu göstərir.
4. Ümumi müddəalar 4.1. Məcburi sertifikatlaşdırmanın obyekti Azərbaycan Respublikasının «Telekommunikasiya haqqında» Qanununa uyğun olaraq Azərbaycan Respublikası ərazisində realizəsi və istifadəsi nəzərdə tutulan rabitə vasitələridir.
Məcburi sertifikatlaşdırılması nəzərdə tutulan rabitə vasitələrinin siyahısı əlavədə göstərilmişdir. Göstərilən siyahıya düzəlişlər və əlavələr oluna bilər.
4.2. Telekommunikasiya vasitələri və qurğularının məcburi sertifikatlaşdırılması insanların həyatı və sağlamlığı, ətraf mühit, həmçinin qarşılıqlı əlaqədə olan rabitə şəbəkələrinin təhlükəsizliyini təmin edən normativ sənədlər və məcburi tələblərə uyğun olaraq aparılır.
4.3. Normativ sənədlərin tələblərinə uyğun olaraq könüllü sertifikatlaşdırma yalnız RV-nin ixracı üçün sifarişçinin təşəbbüsü ilə həyata keçirilir.
4.4. RV-nin sertifikatlaşdırılması milli, beynəlxalq, dövlətlərarası normativ sənədlərə, həmçinin Azərbaycan Respublikasında icra hakimiyyəti orqanlarının icrası məcburi olan tələblərinə görə aparılır.
4.5 TVQ-lərin sertifikatlaşdırılması bu əsasnamənin 7-ci bəndində göstərilən sxem üzrə həyata keçirilir.
4.6. Sertifikatlaşdırılmış məhsulun sxemində, konstruksiyasında, texnologiyasında dəyişikliklər olarsa, sertifikatlaşdırma sınaqları lazımi həcmdə təkrarlanır.
4.7. TVQ üzrə keçirilən sertifikatlaşdırmanın işi və xərcləri sifarişçi tərəfindən ödənilir.
4.8. Sınaqlar üçün ayrılan TVQ nümunələrinin sayı sertifikatlaşdırma sınaqlarının proqramı və metodu ilə təyin olunur.
4.9. Nümunələrin sınaqdan keçirilməsi akkreditasiya edilmiş sınaq laboratoriyalarının akkredita TVQ-lərin siya hasinə uyğunluğu ilə həyata keçirilir.
4.10. Sertifikatlaşdırma prosesinin müsbət nəticəsi zamanı verilən uyğunluq sertifikatı və sertifikatlaşdırma nişanı ilə markalanma hüququ məhsulun Azərbaycan Respublikasında RV-nin tələblərinə uyğunluğunu təsdiq edir.
4.11. Sertifikatlaşdırma işinin hazırlanması və keçirilməsini özündə birləşdirir:
• ərizələrin verilməsi və onlara baxılması;
• ərizə üzrə qərar;
• məhsulun, istehsalın, keyfiyyət sisteminin sertifikatlaşdırılması üçün maliyyə sənədlərinin hazırlanması;
• sertifikatlaşdırılan məhsulun sınaqdan keçirilməsi;
• maraqlı olan təşkilatlar tərəfindən sertifikatlaşdırılmanın nəticələri üzrə qərarlara baxılması;
• uyğunluq sertifikatının verilməsi (verilməməsi) və sertifikatlaşdırma nişanından istifadə olunması hüququ barəsində qərar;
• uyğunluq sertifikatının tərtibi və onun Reyestrə salınması;
• uyğunluq sertifikatının Reyestrinin aparılması;
• sertifikatlaşdırmanın nəticələri haqqında məlumat;
• sertifikatlaşdırılmış məhsula, istehsala keyfiyyət sisteminə təftiş nəzarəti.
4.12. Azərbaycan Respublikası ərazisinə gətirilən və respublika daxilində istehsal olunan RV sertifikatlaşdırmanın mərhələ və qaydalarından keçməlidir.
4.13. Xarici sertifikatların tanınması AZC sisteminin RS 008-94 tələblərinə uyğun olaraq həyata keçirilir. Bu zaman Rabitə Nazirliyinin rəyi nəzərə alınmalıdır.
4.14. Uyğunluq sertifikatı olmayan və rabitə vasitələrinin sertifikatlaşdırılması sistemində tanınmadan idxal olunan RV-nin Azərbaycan Respublikasının gömrük ərazisinə buraxılmasına icazə verilmir və bu RV-nin satışı və istismarı qadağan olunur.
5. Telekommunikasiya şəbəkələrinin, vasitə və qurğularının mühafizə zonaları üzrə telekommunikasiya operatorlarının, hüquqi və fiziki şəxslərin hüquq və vəzifələri 5.1. Telekommunikasiya operatorlarının texniki işçiləri həmin operatorlara məxsus telekommunikasiya şəbəkələrinin, vasitə və qurğularının mühafizə zonalarına 24 saat ərzində maneəsiz daxil olmaq və təmir işləri aparmaq hüququna malikdirlər.
5.2. Telekommunikasiya operatorları telekommunikasiya şəbəkələrinə, vasitə və qurğularına texniki xidmət göstərilməsi üçün zəruri olan yolları, keçidləri, körpüləri və digər qurğuları, aidiyyəti üzrə razılaşdırmaqla, inşa etmək hüququna malikdirlər.
5.3. Telekommunikasiya operatorları tərəfindən kənd təsərrüfatı torpaqlarından keçən rabitə xətlərinin planlı təmir işləri torpaqlarda tarla bitkiləri əkilməyən dövrdə aparılmalıdır.
5.4. Telekommunikasiya şəbəkələrində, vasitə və qurğularında baş vermiş qəzanın telekommunikasiya operatorları tərəfindən aradan qaldırılmasına və təcili bərpa işlərinin aparılmasına şərait yaradılmalıdır.
5.5. Telekommunikasiya operatorları bərpa işlərini yerinə yetirdikdən sonra aidiyyəti dövlət orqanları ilə razılaşdırılmış layihə əsasında torpaq sahəsini və yol örtüyünü əvvəlki vəziyyətə gətirməlidirlər (rekultivasiya etməlidirlər).
5.6. Telekommunikasiya şəbəkələrinin, vasitə və qurğularının təmiri, mövcud qurğulara əlavələr edilməsi və onların bərpası zamanı yol örtüyünün sökülməsi və torpağın çıxarılması tələb olunarsa, bu işlərin aparılması ümumi istifadədə olan yollara aid olduqda, Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi ilə, bələdiyyələrin və ya yerli icra hakimiyyəti orqanlarının balansında olan yollara aid olduqda, müvafiq bələdiyyə və ya yerli icra hakimiyyəti orqanı ilə, özəl yollara aid olduqda isə onların mülkiyyətçiləri ilə əvvəlcədən razılaşdırılmalıdır.
5.7. Xüsusi əhəmiyyətli rabitə xətləri qəflətən zədələndikdə və ehtiyat istiqamətlə rabitənin təşkili mümkün olmadıqda, həmin xətlərin bərpası üçün təxirəsalınmaz tədbirlərin görülməsi ilə əlaqədar yol örtüklərinin sökülməsi və qazıntı işlərinin aparılması zərurəti yarandıqda əvvəlcədən razılaşdırılmadan, lakin ümumi istifadədə olan yollara aid olduqda Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin, bələdiyyələrin və ya yerli icra hakimiyyəti orqanlarının balansında olan yollara aid olduqda müvafiq bələdiyyənin və ya yerli icra hakimiyyəti orqanının, özəl yollara aid olduqda isə onların mülkiyyətçilərinin nümayəndəsinin iştirakı ilə yerində aktlaşdırılmaqla, həmin işlər aparıla bilər.
5.8. Telekommunikasiya şəbəkələrinin, vasitə və qurğularının təmiri, mövcud qurğulara əlavələr edilməsi və onların bərpası ilə əlaqədar sökülmüş yol örtüyünün bərpası ümumi istifadədə olan yollara aid olduqda Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin, bələdiyyələrin və ya yerli icra hakimiyyəti orqanlarının balansında olan yollara aid olduqda müvafiq bələdiyyə və ya yerli icra hakimiyyəti orqanının, özəl yollara aid olduqda isə onların mülkiyyətçilərinin razılığı ilə telekommunikasiya operatorları tərəfindən və ya bərpa xərcləri operatorlar tərəfindən, qəza onlardan asılı olmayan hallarda baş verdikdə isə qanunvericilikdə müəyyən edilən şəxslər və ya orqanlar tərəfindən tam ödənilməsi şərti ilə yolun mənsubiyyətindən asılı olaraq Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi, müvafiq bələdiyyələr, yerli icra hakimiyyəti orqanları, hüquqi və ya fiziki şəxslər tərəfindən yerinə yetirilir.
5.9. Obyekt, bina və digər tikinti layihələrində, layihələndirilən ərazidə mövcud olan telekommunikasiya şəbəkələrinin, vasitə və qurğularının keçdiyi yer göstərilməli və tikinti layihəsi digər aidiyyəti dövlət orqanları ilə yanaşı, telekommunikasiya sahəsi üzrə səlahiyyətli dövlət orqanı ilə də razılaşdırılmalıdır. Telekommunikasiya vasitə və qurğularının tam mühafizəsi və köçürülməsi (lazım gələrsə) layihəni həyata keçirən müəssisənin vəsaiti hesabına işə başlamazdan əvvəl təmin edilməlidir.
5.10. Tikinti işləri aparan təşkilat tərəfindən telekommunikasiya şəbəkələri, vasitə və qurğuları zədələnərsə, həmin tikinti təşkilatı təcili olaraq telekommunikasiya operatoruna bu barədə xəbər verməli, həmçinin işçi qüvvəsi və mexanizmlərin köməyi ilə qəzanın qısa müddətdə aradan qaldırılmasına kömək etməlidir .
5.11. Su hövzələrində olan sualtı kabellər su nəqliyyatı vasitələrinə ilişib qalxarsa, gəmi komandiri həmin kabelin tam zədəsiz halda azad olunması üçün tədbirlər görməyə borcludur. Kabelin ilişdirilib qaldırılması vaxtı və həmin yerin koordinatları haqqında gəmi komandiri yaxın limana, liman isə bu barədə telekommunikasiya operatoruna təcili məlumat verməlidir.
5.12. Hüquqi və fiziki şəxslər qazıntı işləri apararkən, texniki sənədlərdə göstərilməyən yeraltı rabitə kabelinə rast gələrlərsə, dərhal işləri dayandırmalı və telekommunikasiya operatoruna bu barədə təcili məlumat verməlidirlər.
5.13. Yerli icra hakimiyyəti orqanları tikinti aparan təşkilatdan, torpaq sahəsinin ayrılması ilə əlaqədar müraciət edən hər bir fiziki və hüquqi şəxsdən bu işlərin aparılması üçün aidiyyəti telekommunikasiya operatorunun razılığını tələb etməlidirlər.
5.14. Yüksək gərginlikli elektrik xətlərinin, eləcə də bütün elektrik xətlərinin çəkilişi və rekonstruksiyası zamanı hava rabitə xətlərinin mühafizəsi elektrik şəbəkəsi operatoru tərəfindən normativlərə uyğun gözlənilməlidir. Əks halda hava rabitə xətlərinin yerinin köçürülməsi və ya yeraltı kommunikasiyaların tikintisi elektrik şəbəkəsi operatorunun vəsaiti hesabına təmin edilməlidir.
6. Telekommunikasiya vasitələri və qurğularının sertifikatlaşdırılmasının keçirilməsi qaydaları 6.1. Telekommunikasiya vasitələri və qurğularının sertifikatlaşdırılması üzrə işlərin keçirilməsi ardıcıllığı və mərhələləri şək. 1-də göstərilmişdir:
1 — təhlükəsizlik və ekoloji göstəricilərinə görə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinə və QRŞ-nin texniki tələblərinə uyğunluğuna görə Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə telekommunikasiya vasitələri və qurğularının sertifikatlaşdırılması üçün ərizənin verilməsi.
2 — qərarın qəbul edilməsi, sertifikatlaşdırma sxeminin və ASL-in müəyyənləşdirilməsi, nümunənin seçilməsi və onun RVSM-ə (lazım olarsa Səhiyyə Nazirliyinin ASL-nə, Fövqəladə Hallar Nazirliyinə və s.) sınaq üçün göndərilməsi.
3 — proqramın və sınağın həcminin müəyyənləşdirilməsi və onların sertifikasiyası nəzərdə tutulmuş nümunələrlə birlikdə RVSM tərəfindən ASL-na göndərilməsi.
4 — təqdim olunan nümunələrin qeydiyyatı, onların identifikasiyasının müəyyənləşdirilməsi, RVSM-in proqramı üzrə sınaq həcminin keçirilməsi, sınaq protokolunun tərtib olunması və onun RVSM-ə təqdim olunması.
5 — sınaq nəticələrinin müzakirəsi və onlara uyğun olaraq qərarın qəbul edilib Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinə və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəhbərliyinə təqdim edilməsi. Sınaqların nəticələrinin müsbət olduğu halda RVSM tərəfindən uyğunluq sertifikatının və sertifikat Nişanının RVS tətbiqinə icazə hüququ verən sənəd hazırlanır və imzalamaq üçün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəhbərliyinə təqdim edir və reyestrini həyata keçirir.
6 — Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin hüquqi şəxsi tərəfindən sertifikatın və RVS Nişanının tətbiqinə icazə hüququ sənədinin imzalanması və Sifarişçiyə göndərilməsi. Sertifikatın surəti eyni vaxtda Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinə göndərilir.
7 — sınağın nəticələrinin müzakirəsi, AZS sisteminin uyğunluq sertifikatının verilməsi (verilməməsi) haqqında qərarın qəbul olunması. Bu zaman sertifikatın verilməsi üçün Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən verilmiş uyğunluq sertifikatının olması əsas şərt hesab edilir. Telekommunikasiya vasitələri və qurğularının uyğunluq sertifikatı verilmədikdə AZS sisteminin uyğunluq sertifikatı verilmir.
8 —sertifikatlaşdırılmış telekommunikasiya vasitələri və qurğularının istehsal prosesində Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinə tərəfindən təftiş nəzarətinin keçirilməsi.
9 — sertifikatlaşdırılmış telekommunikasiya vasitələri və qurğularının istismar prosesində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin RVSM-i tərəfindən təftiş nəzarətinin keçirilməsi.
7. Telekommunikasiya vasitələri və qurğularının sertifikatlaşdırılması sxemi 7.1.Telekommunikasiya vasitələri və qurğularının sertifikatlaşdırılması sistemində AZS sisteminin əsas sənədlərində nəzərdə tutulmuş 12 (on iki) sertifikatlaşdırma sxeminin beşindən istifadə olunur.
3, 4 və 5-ci sxemlər istehsalçı tərəfindən kütləvi şəkildə istehsal olunan rabitə vasitələrinin sertifikatlaşdırılması zamanı tətbiq olunur. 3-cü və 4-cü sxemlər akkreditasiya olunmuş sınaq laboratoriyalarında hazır məhsul nümunələrinin sınağı zamanı keçirilir.
3-cü sxemə görə nəzarət istehsaldan götürülmüş nümunələri sınaqdan keçirməklə, 4-cü sxemə görə istehsaldan və ticarət dövriyyəsindən götürülmüş nümunələri sınaqdan keçirmək yolu ilə edilir.
İstehsalçı istehsalın keyfiyyət sisteminə və yaxud istehsal sertifikatına malikdirsə, onda sertifikatlaşdırma 5-ci sxem üzrə həyata keçirilir. Göstərilən sertifikata akkreditasiya olunmuş laboratoriyanın sınaq protokolu ilə birgə baxılır. Bu halda təftiş nəzarəti istehsalın sertifikatlaşdırılmış keyfiyyət sistemini yoxlama yolu ilə keçirilir.
11-ci sxem sertifikatlaşdırılmağa təqdim edilmiş telekommunikasiya vasitələri və qurğuları partiyasının içərisindən seçilmiş nümunələrin sınağı vaxtı tətbiq edilir. Məhsulun sertifikatlaşdırılmış partiyasına təftiş nəzarəti edilmir.
12-ci sxem hər bir nüsxənin sertifikatlaşdırılmasını nəzərdə tutur. Bu sxemin elə telekommunikasiya vasitələri və qurğularının sertifikatlaşdırılmasında istifadəsi nəzərdə tutulur ki, onların qəbuluna xüsusi tələblər qoyulur. Belə məhsullara istismarın bütün dövrü ərzində təftiş nəzarəti edilir.
7.2. 3, 4, 11, 12-ci sxemlər üzrə sertifikatlaşdırılmış məhsulların uyğunluq sertifikatının müddəti 1 ildən artıq, 5-ci sxem üzrə sertifikatlaşdırılan məhsullarınkı isə 2 ildən artıq olmamalıdır.
7.3. Telekommunikasiya vasitələri və qurğularının uyğunluq sertifikatının müddəti konkret məhsulun sertifikatlaşdırılması zamanı müəyyənləşdirilir.
7.4. Sertifikat müddəti bitdikdən sonra sertifikatlaşdırma prosedurası təkrar olunur.
8. Normativ-texniki sənədlər 8.1. Telekommunikasiya vasitələri və qurğularının sertifikatlaşdırılması sistemində aşağıdakı sənədlərdən istifadə olunur:
8.1.1. AZS sisteminin əsas sənədləri, o cümlədən:
- RS 001-93 — «Əsas qaydalar»;
- RS 002-93 — «Sertifikatlaşdırma orqanına qoyulan tələblər və onun akkreditasiya qaydası»;
- RS 003-93 — «Eyni cinsli məhsulların sertifikatlaşdırma sistemi»;
- RS 004-93 — «Sınaq laboratoriyalarına (mərkəzlərinə) qoyulan tələblər və onların akkreditasiya qaydası»;
- RS 005-93 — «Sistemin dövlət reyestrinin aparılması qaydaları»;
- RS 008-94 — «Sertifikatlaşdırma və akkreditasiya obyektlərinin tanınması qaydaları»;
- RS 009-94 — «Sertifikatlaşdırma və təftiş nəzarəti üçün nümunələrin seçilməsi qaydaları»;
- RS 010-94 — «Sertifikatlaşdırılmış məhsullara təftiş nəzarətinin keçirilməsi qaydaları».
8.1.2. telekommunikasiya vasitələri və qurğularına texniki tələbləri müəyyənləşdirən milli, beynəlxalq, dövlətlərarası və sahə standartları.
8.1.3. Sınaq proqramları və metodikaları.
8.1.4. AZS 004-93 «Milli uyğunluq Nişanı: forma, ölçülər və texniki tələblər».
8.1.5. AZS sisteminin uyğunluq sertifikatının doldurulma qaydaları haqqında 15.001.98 nömrəli təlimat.
8.1.6. Standartlaşdırma, metrologiya və sertifikatlaşdırma üzrə Dövlətlərarası şuranın qəbul etdiyi uyğunluq sertifikatının vahid forması haqqında 15.002.98 saylı təlimat.
8.1.7. Azərbaycan Respublikasında istifadə edilən telekommunikasiya vasitələri və qurğularına qoyulan tələblər.
Sistemin təkmilləşdirilməsi ilə əlaqədar olaraq bu Qaydalara Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi qarşılıqlı razılaşma əsasında qanunvericilik aktlarına uyğun olaraq dəyişiklik edə bilər.
9. Appelyasiyaya baxılması qaydası Sertifikasiya sınaqlarının nəticələri ilə razılaşmadıqları hallarda tərəflər Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Sertifikasiya üzrə komissiyasına appelyasiya verə bilərlər, onun qərarı ilə də razı olmadıqda məhkəməyə müraciət edə bilərlər.
Sertifikasiya üzrə Komissiya marağı olan tərəfləri də cəlb etməklə bir ay ərzində appelyasiyanı müzakirə edir və qəbul edilmiş qərar barədə müvafiq şəxsə bildiriş göndərir.
Bu Qaydalar sertifikasiya işində toplanan təcrübə nəzərə alınmaqla yaxud əlavə hüquqi və normativ materialların qəbul edilməsi ilə əlaqədar təshih oluna bilər.
10. Avadanlığına istehsalçı firma tərəfindən, yaxud rabitə avadanlığının Azərbaycan Respublikası bazarlarında satan satıcı (distribyutor, diler) tərəfindən alınmış sertifikatların istifadə qaydaları Sertifikat şəxsi sənəddir. Orada sertifikat sahibi haqqında məlumat (avadanlığın istehsalçısı yaxud satıcı) göstərilir.
Adına sertifikat verilmiş hüquqi şəxs istehsal etdiyi, yaxud satdığı malın keyfiyyətinə görə məsuliyyət daşıyır və telekommunikasiya vasitələri və qurğularının işinin keyfiyyətindən şikayət gəldikdə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi sertifikatın ləğv edilməsi, yaxud onun qüvvədə olmasına əlavə vaxt verilməməsi haqqında məsələ qaldıra bilər.
Sertifikatın sahibinin razılığı olmadan «özgə sertifikatından istifadə edən satıcıların (təşkilatların)» Azərbaycan Respublikasının bazarlarında avadanlığın realizasiyası ilə məşğul olmaq hüquqları yoxdur.
Sertifikatın etibarlılığı müddətində alınmış avadanlığa sertifikatın qüvvədə olma müddətinin məhdudiyyəti şamil edilmir, yəni belə avadanlıq sertifikatın vaxtının uzadılmasını tələb etmədən bütün xidmət müddəti ərzində istismar edilə bilər.
Azərbaycan Respublikasında məcburi sertifikatlaşdırılması aparılacaq ümumistifadəli telekommunikasiya şəbəkələrində istifadə edilən telekommunikasiya vasitələri və qurğularının Siyahısı1. Kommutasiya sistemi funksiyasını yerinə yetirən telekommunikasiya vasitələri və qurğuları
1.1. Tranzit, sonluq və sonluq tranzit qovşaq avadanlığı
1.1.1. beynəlxalq telefon stansiyaları
1.1.2. beynəlxalq kommutasiya mərkəzləri
1.1.3. şəhərlərarası telefon stansiyaları
1.1.4. tranzit şəhərlərarası avtomatik kommutasiya qovşağı
1.1.5. kombinələşdirilmiş stansiyalar
1.1.6. kənd avtomatik telefon stansiyaları
1.1.7. şəhər avtomatik telefon stansiyaları
1.2. Abunəçi imkanlıqlı avadanlıqlar
1.2.1. rəqəmli abunəçi konsentratorlar
1.2.2. idarə-istehsalat avtomatik telefon stansiyaları
1.3. Telefonçu vasitəsilə zonadaxili, şəhərlərarası və beynəlxalq telefon rabitəsi xidmətinə imkan verən avadanlıqlar
1.4. Təcili operativ və məlumat informasiya xidmətli çağırışlara xidmətetmə qovşağı
1.5. Çağırışlara xidmətetmə mərkəzləri avadanlıqları
1.6. İnformasiya paketinin kommutasiya və marşrutlama avadanlığı
1.7. Çevik kommutatorlar
1.8. Teleqraf stansiyaları
1.8.1. teleqraf stansiyaları və yarımstansiyaları
1.8.2. teleqraf məlumat kommutasiya sistemləri
1.9. Hərəkətli radiotelefon rabitə sisteminin kommutasiya avadanlıqları
1.10. Abunəçi radioimkanlıqlı sistemin kommutasiya avadanlıqları
2. Rəqəmli daşıyıcı sistem funksiyasını yerinə yetirən telekommunikasiya vasitələri və qurğuları 2.1. Sinxron rəqəm ierarxiyalı rəqəmli veriliş sistemləri
2.2. Analoq veriliş sistemi və fiziki xətt kanalları, traktları ilə rəqəmli veriliş sistemləri
2.3. Plezioxron rəqəm ierarxiyalı rəqəmli veriliş sistemləri
2.3.1. plezioxron rəqəm ierarxiyalı kanalyaratma avadanlıqları
2.3.2. plezioxron rəqəm ierarxiyalı zamana görə qrupyaratma avadanlıqları
2.3.3. plezioxron rəqəm ierarxiyalı xətti traktın aralıq və sonluq məntəqələri
2.3.4. plezioxron rəqəm ierarxiyalı kross kommutasiya avadanlıqları
2.4. Optik-lifli və atmosfer optik xətt verilişi üçün qəbuledici-verici qurğular
2.5. İnformasiyanın ötürülməsi üçün asinxron rejimli avadanlıqlar
2.6. Rəqəmli televiziya və səs yayım veriliş sistemləri
2.7. Takt şəbəkə sinxronlaşdırma avadanlığı
3. İdarəetmə sistemi və monitorinq funksiyalarını həyata keçirən telekommunikasiya vasitələri və qurğuları 3.1. Telekommunikasiya şəbəkələrinin avtomatlaşdırılmış idarəetmə sistem və monitorinqi avadanlıqları
3.2. Radiorele telekommunikasiya sisteminin idarəetmə və monitorinq avadanlıqları
4. Ümumistifadəli telekommunikasiya şəbəkələrində göstərilən xidmətlərin həcminin qeydiyyatı (uçotu) üçün istifadə olunan avadanlıqlar 4.1. Birləşmənin davametmə müddətinin zamana görə qeydiyyatı (uçotu) avadanlığı
4.2. Avtomatlaşdırılmış hesablama sistemi
5. Radioelektron telekommunikasiya vasitələri və qurğuları 5.1. Azərbaycan Respublikasının vahid telekommunikasiya şəbəkəsinin yerli, zonadaxili və magistral şəbəkələrinin yayım və peyk rabitəsinin yerüstü stansiyaları
5.2. Radiorele rabitə sistemləri
5.2.1. analoq-rəqəm radiorele rabitə sistemi
5.2.2. sinxron rəqəm ierarxiyalı rəqəmli radiorele rabitə sistemləri
5.2.3. plezioxron rəqəm ierarxiyalı rəqəmli radiorele rabitə sistemləri
5.2.4. analoq radiorele rabitə sistemi
5.3. Hərəkətli (sellülar) radiotelefon rabitə sisteminin baza stansiyaları və retranslyatorları
5.4. Abunəçi radioimkanlıq sisteminin baza stansiyaları və retranslyatorları
5.5. Radioyayım sistemləri
5.6. Televiziya yayım sistemləri
5.7. Ümumistifadəli telekommunikasiya şəbəkəsinə çıxışı olmayan, texnoloji və yaxud təcrid edilmiş telekommunikasiya şəbəkəsinə imkanlıq üçün nəzərdə tutulmuş avadanlıqlar istisna olmaqla, radioimkanlıqlı avadanlıqlar.
6. Əməliyyat-axtarış fəaliyyəti zamanı müvafiq tədbirlərin yerinə yetirilməsini təmin edən telekommunikasiya avadanlıqları və proqram təminatı 6.1. Əməliyyat-axtarış fəaliyyəti zamanı müvafiq tədbirlərin yerinə yetirilməsini təmin edən və kommutasiya sistemləri ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərən avadanlıqlar və proqram təminatı.
6.2. Əməliyyat-axtarış fəaliyyəti zamanı müvafiq tədbirlərin yerinə yetirilməsini təmin edən və rəqəmli daşıyıcı sistemləri ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərən avadanlıqlar və proqram təminatı.
6.3. Əməliyyat-axtarış fəaliyyəti zamanı müvafiq tədbirlərin yerinə yetirilməsini təmin edən və telematik xidmətlər sistemləri ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərən avadanlıqlar və proqram təminatı.
7. Ümumistifadəli telekommunikasiya şəbəkəsinin son kabel avadanlıqları, son telekommunikasiya avadanlıqları, telekommunikasiya kabelləri və naqilləri, elektrik qida avadanlıqları 7.1. Son kabel avadanlıqları
7.1.1. paylayıcı qurğular
7.1.2. şkaflar
7.1.3. kabel qutuları
7.1.4. bokslar
7.1.5. abonent müdafiə qurğuları
7.1.6. krosslar (optik və elektrik)
7.1.7. plintlər, optik qoşqular
7.1.8. kabel muftaları, birləşdiricilər (optik və elektrik )
7.1.9. kabel və krossları gərginlik və cərəyan artımlarından müdafiə qurğuları
7.1.10. kompressor-siqnal qurğuları (KSQ)
7.2. Son telekommunikasiya avadanlıqları
7.2.1. müxtəlif mürəkkəblik dərəcəli, o cümlədən mobil telefon aparatları
7.2.2. ümumistifadəli telekommunikasiya şəbəkəsində işləmək üçün nəzərdə tutulmuş faksimil rabitə aparaturası və kompüterlər
7.2.3. taksafon aparaturası
7.2.4. son telekommunikasiya avadanlıqlarına əlavə qurğu və vasitələr.
7.3. Telekommunikasiya kabelləri və naqilləri
7.3.1. optik telekommunikasiya kabelləri
7.3.2. yüksəktezlikli simmetrik telekommunikasiya kabelləri
7.3.3. koaksial telekommunikasiya kabelləri
7.3.4. şəhər və kənd telekommunikasiya şəbəkəsi üçün metal kabellər
7.3.5. telekommunikasiya naqilləri.
7.4. Elektrik qida avadanlıqları
7.4.1. telekommunikasiya müəssisələri üçün stasionar akkumulyatorlar
7.4.2. elektrik qida qurğuları və onların tərkibinə daxil olan avadanlıqlar.